Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üzrə Respublika Komissiyasının sədri təyin olunub.
Hökumətin müvafiq qərarı Nazirlər Kabinetinin saytında dərc olunub.
İ.Quliyev Komissiyanın sədri postunda 2013-cü ilin oktyabr ayında baş nazirin müavini təyin olunmuş keçmiş kənd təsərrüfatı naziri İsmət Abasovu əvəz edib.
Komissiyanın vəzifələrinə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım veriləcək kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərin siyahısının təsdiq edilməsi daxildir. Bundan başqa, Komissiya "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən alınan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənildiyi hüquqi və fiziki şəxslərin siyahısını təsdiq edir.