Niderlandın “Guydyon” şirkəti “Azərpoçt” MMC-nin (Azərbaycanın milli poçt operatoru) rebrendinqini həyata keçirəcək. Bu barədə “Azərpoçt”un elanında qeyd olunur.
“Guydyon” şirkəti müvafiq tenderin qalibi olub. Dekabrın 10-da şirkətlə “Azərpoçt”un imicinin yenilənməsi (rebrendinq) üzrə işlərin həyata keçirilməsi haqqında müqavilə bağlanıb”, - deyə elanda bildirilir.
“Azərpoçt”un rebrendinqi üzrə işlər Dünya Bankının “Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi” layihəsi çərçivəsində ayırdığı kreditin bir hissəsi hesabına maliyyələşdiriləcək.
“Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi” layihəsinin ümumi dəyəri $4 mln. təşkil edir. Layihə 30 iyun 2016-cı ilə qədər nəzərdə tutulub.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.