Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət-vətəndaş münasibətlərində yeni səhifə açıb. Bu barədə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bəyan edib.
“Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin sayəsində dövlət qulluqçuları və vətəndaşların münasibətlərində yeni səhifə açılıb”, - deyə F.Ələsgərov ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxşında bildirib.
F.Ələsgərovun sözlərinə görə, bu cür mərkəzlərin açılması ilə dövlət strukturlarının fəaliyyətini fəal şəkildə dəstəkləyən gənclər mühüm təcrübə toplayırlar.
““ASAN xidmət” mərkəzlərinin işində iştirak edən 1000-ə yaxın gənc könüllü bunun bariz nümunəsidir. Yetişən nəsil ölkənin inkişafında mühüm rol oynayır”, - deyə Prezident Administrasiyasının nümayəndəsi bildirib.
“O qeyd edib ki, statistik məlumatlara görə, cari il dekabrın 18-dək “ASAN xidmət” mərkəzlərinə 880 mindən artıq şəxs müraciət edib. Bu isə ölkədə bu xidmətə olan tələbatdan xəbər verir.
F.Ələsgərov onu da qeyd edib ki, paytaxtda artıq üç “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2014-cü ilin fevral-may aylarında isə Bakıda daha bir mərkəz açılacaq.
“Bundan başqa, 2014-cü ildə Azərbaycanın beş regionunda yeni “ASAN xidmət” mərkəzləri açılacaq. Bu xidmətin olmadığı rayonların əhalisi “ASAN” səyyar mərkəzlərinə müraciət edə biləcəklər. Həmin mərkəzlər ölkənin 37 rayonunda xidmətlər təklif edir. Əlbəttə ki, mərkəzlərin artması ilə burada çalışacaq könüllülərin də sayı artacaq”, - deyə F.Ələsgərov qeyd edib.
İlk “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində əhaliyə xidmət göstərməyə başlayıb. Hazırda pilot layihə çərçivəsində Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri “ASAN xidmət”də təqdim olunan doqquz dövlət orqanının 25 hüquqi və 22 köməkçi xidmətlərindən istifadə edə bilərlər.
Bundan başqa, mayın 15-dən etibarən Sumqayıt şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəz həm Sumqayıt, həm də Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.
İyunun 5-də Bakıda Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət edən ikinci “ASAN xidmət” mərkəzinin açılışı olub. Sentyabrın 17-də isə paytaxtın Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərən üçüncü mərkəz açılıb.
“ASAN xidmət”in əsas məqsədi dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsi sahəsində rahatlıq və şəffaflığın təmin olunması, bu sahədə müasir texnologiyaların və “vahid məkan” prinsipinin tətbiqi, “dövlət qulluqçusunun vəzifəsi – vətəndaşların hüquqlarının təminatı” yanaşmasının formalaşması və s. ibarətdir.