Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sabiq dövlət başçılarının təmsil olunduğu Mərkəzə noyabr ayında Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti Boris Tadic, Estoniyanın sabiq prezidenti Arnold Ruutel, Latviyanın sabiq prezidenti Valdis Zatlers üzv olublar.
Hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sıralarında dünyanın 14 sabiq ölkə başçısı təmsil olunur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq birinci vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi irsinin dünyada tanınması və təbliği təşkil edir.