Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsini təsdiq edib.
ARDNF-in büdcəsinin mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin gəlirləri 11 mlrd. 626 mln. 943,4 min manat, xərcləri 11 mlrd. 349 mln. 934,8 min manat səviyyəsində təsdiq edilib.
Gəlirlərin strukturunda Azərbaycanın mənfəət nefti və qazının satışından daxilolmalar 11 mlrd. 221 mln. 286,4 min manat, akrhesabı ödənişlər 1 mln. 661,6 min manat, neftin və qazın respublika ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 6 mln. 276 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 18 mln. 38,7 min manat təşkil edəcək.
Bundan başqa, fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 379 mln. 580,7 min manat, digər gəlirlər 100 min manat səviyyəsində nəzərdə tutulub.
Fondun xərcləri strukturunda əsas hissəni dövlət büdcəsinə 9 mlrd. 337 mln. manat məbləğində transfertlər təşkil edəcək.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 80 mln. 221,3 min manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 132 mln. 311 min manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 33,68 mln. manat yönəldiləcək.
ARDNF-in 2014-cü il büdcəsində iri layihələrin reallaşdırılması ilə bağlı maddələr də nəzərdə tutulub. Xüsusilə Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsinə 100 mln. manat ayrılacaq.
ARDNF həmçinin SOCAR-ın bir sıra layihələrində dövlətin payını maliyyələşdirməkdə davam edəcək. Belə ki, Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 285 mln. manat, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində iştirak payının maliyyələşdirilməsinə 223 mln. 582,5 min manat, TANAP layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 800 mln. manat ayrılması nəzərdə tutulur.
Fondun idarə edilməsi ilə bağlı xərclər 58,14 mln. manat səviyyəsində proqnozlaşdırılır.
2013-cü ildə ARDNF-in gəlirləri 11 mlrd. 482 mln. 40,4 min manat, xərcləri 13 mlrd. 403 mln. 99,4 min manat səviyyəsində təsdiq edilib.