Maliyyə Nazirliyi "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sistemini genişləndirəcək. Bu barədə SINAM şirkətinin saytında məlumat verilir.
SINAM şirkəti tərəfindən yaradılan və beynəlxalq aləmdə FARABI (Financial and Accounting Reporting Application for Budgetary Institutions) adı adında tanınan bu sistem büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edir.
Hazırda həmin sistemin tətbiqinin birinci mərhələsi dövlət sifarişi ilə maliyyələşən 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edir.
Proqram təminatının funksionallığı "Müəssisə resurslarının idarə edilməsi sistemi" (beynəlxalq klassifikasiya üzrə - "ERP system") prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir.
Sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə Elektron Hökumət konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir.
Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir.
Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün istifadəçilərə elektron açar və elektron imza da təqdim olunacaq. Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur.
SINAM şirkəti 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. SINAM Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin tədarükçüsüdür. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif institutlarının biznes proseslərinin optimallaşdırılmasına və effektivliyinin artırılmasına, eləcə də dövlət idarəçiliyinin və müasir Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin yaxşılaşdırılmasına yönəlib.