Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 272,8 mln. manat kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4 331 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 12 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Xaçmaz rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 270-ə yaxın sahibkar iştirak edib.
İndiyədək SKMF-in xətti ilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,43 min investisiya layihəsinin həyata keçirilməsi üçün 111,5 mln. manat məbləğində güzəştli kredit verilib.
“Tədbir çərçivəsində 58 sahibkarlıq subyekti 833 min manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 100-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır.