Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə fərman imzalayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
General-leytenant Kərəm Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilib.
Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.
Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Kollegiya iclasında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.
Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.