İndoneziya Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayana qədər Ermənistanda rəsmi nümayəndəlik açmayacaq.
“İndoneziya Parlamentinin Nümayəndələr Palatası Ermənistan-Azərbaycan münaqişəsi bitməyənə qədər Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcək”, - deyə Nümayəndələr Palatasının sədri Marzuki Əli Palatanın üzvləri qarşısında çıxışı zamanı bəyan edib. Bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin məlumatında qeyd edilir.
Parlamentin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən M.Əli bildirib ki, İndoneziya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəkləyir.
“İndoneziya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinin tərəfdarıdır və ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarının davam etdirilməsini dəstəkləyir”, - deyə o vurğulayıb.
Məlumata görə, Nümayəndələr Palatasının sədri Xocalı soyqırımını da qətiyyətlə pisləyib.