Avropa Şurasına sədrlik 2014-cü ilin iyun ayında Azərbaycana keçəcək. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq 2014-cü ilin may ayında Bakıda AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək.
“Hazırda AŞ-yə Avstriya sədrlik edir, gələn ilin iyun ayında isə sədrlik Azərbaycana keçəcək”,- deyə S.Seyidov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan AŞ ilə ikitərəfli münasibətlərini ən yüksək səviyyədə qurur.
“Azərbaycanın AŞPA və AŞ Nazirlər Komitəsi ilə münasibətləri normal, məhsuldar və qənaətbəxş olaraq xarakterizə olunur”,- deyə S.Seyidov vurğulayıb.
O əlavə edib ki, hazırda Azərbaycanın AŞ-yə sədrlik edəcəyi dövr üçün fəaliyyət planı hazırlanır.
“Fəaliyyət planı çərçivəsində Azərbaycan və Avropanın dəyərləri əsasında formalaşan müxtəlif prioritetlər mövcuddur”, - deyə o əlavə edib.