Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət respublikanın uğurlu inkişafına yönəlib və ölkənin gələcək tərəqqisini təmin etməyə qadirdir. Bu barədə baş nazirin birinci müavini Yaqub Eyyubov bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda çıxışı zamanı bəyan edib.
"Dövlət başçısının həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatının gələcək inkişafının təmin edilməsinə, mövcud potensialın möhkəmlənməsinə, əhalinin sosial həyat səviyyəsinin yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönəlib”, - deyə Y.Eyyubov İ.Əliyevin doğum gününə (dekabrın 24-də İ.Əliyevin 52 yaşı tamam olur - İF-Az) həsr olunmuş tədbirdə qeyd edib.
Y.Eyyubov söyləyib ki, dünyanın bir çox ölkələrinin üzləşdiyi mürəkkəb geosiyasi problemlər fonunda Azərbaycan uğurla inkişaf etməkdədir.
“İ.Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları bu işdə mühüm rol oynayır. Son illərdə biz 132 dövlət proqramı hazırlayaraq həyata keçirmişik. Onlardan bəziləri bu gün də davam etdirilir”, - deyə baş nazirin birinci müvini qeyd edib.
Y.Eyyubov son illərdə ölkənin iqtisadi inkişafını xarakterizə edən göstəricilərə də toxunub. O qeyd edib ki, 10 il ərzində ölkədə ÜDM 3,4 dəfə artıb, Azərbaycanın starteji valyuta ehtiyatları xarici borc göstəricisini 10 dəfə üstələyir.
“Azərbaycan başqa ölkələrə sərmayə qoyan ölkəyə çevrilib. İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Və biz dövlətimizi inkişaf etdirməkdə və gücləndirməkdə davam edəcəyik”, - deyə o vurğulayıb.
Y.Eyyubovun sözlərinə görə, Bakının təşəbbüsü ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyini təmin edir, “Şahdəniz” layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi ölkənin dünyanın iri qaz təminatçılarından birinə çevrilməsinə imkan verəcək.
“Azərbaycan vətəndaşları prezident İlham Əliyevin yürütdüyü siyasətə inanır və buna görə də növbəti prezident seçkilərində də öz səslərini ona veriblər”, - deyə baş nazirin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, ölkə qarşısında böyük vəzifələr durur.
“Bizim qarşımızda duran ən böyük vəzifə Azərbaycanın gələcək inkişafının təmin edilməsidir və azərbaycanlı seçicilər yaxın beş il ərzində ölkənin gələcək inkişafını dövlət başçısına etibar ediblər”,- deyə Ə.Əhmədov söyləyib.
O, dövlət başçısını ad günü münasibəti ilə təbrik edib.