Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak etmiş şəhər sakini Cəlal Mikayılov tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Onun mənzilinə baxış zamanı 1 ov tüfəngi, 1 qumbara, 48 ədəd avtomat patronu, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 70 ədəd dini ədəbiyyat, 12 disk, 1 ədəd disket və 3 ədəd dini əl yazmalar olan dəftər aşkar edilərək götürülüb.
Xəbər verildiyi kimi, dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində iki nəfər bıçaq xəsarətləri, iki nəfər isə qəlpə yaraları alıb. Münaqişə zamanı tərəflər avtomat silahlardan və əl qumbaralarından istifadə ediblər.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində insidentdə iştirak etməkdə şübhəli bilinən 14 nəfər artıq saxlanılıb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.