Azərbaycan yaxın 5-10 il ərzində ÜDM-in həcminə görə dünyanın 50 ən yaxşı ölkəsi sırasına daxil olmaq niyyətindədir. Bu barədə maliyyə naziri Samir Şərifov bazar ertəsi “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda çıxışında bəyan edib.
“Əgər 2003-cü ildə ÜDM-in istehsal həcminə görə Azərbaycan 108-ci, adambaşına ÜDM-in göstəricisinə görə 154-cü yerdə olubsa, 2012-ci ilin yekunları üzrə respublika müvafiq olaraq 69-cu və 78-ci yerləri tutub”, - deyə S.Şərifov bildirb.
Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan ÜDM-i 3,4 dəfə, qeyri-neft sektorunda 2,7 dəfə, adambaşına isə 3 dəfə artıb.
““Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ÜDM-in iki dəfə artımı planlaşdırılır”, - deyə o qeyd edib.
S.Şərifov vurğulayıb ki, yaxın beş il ərzində Azərbaycan xarici borcun məbləğini ÜDM-in 10%-dən çox olmayan səviyyədə saxlamaq niyyətindədir. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 8,3%-nə bərabərdir.
Nazirin sözlərinə görə, ölkənin xarici borcu əsasən beynəlxalq maliyyə institutlarından uzun müddətə və Azərbaycan üçün əlverişli şərtlərlə cəlb olunan kreditlər hesabına formalaşır.