Azərbaycan prezidenti Bakıda ekoloji problemlərin həllini mühüm hesab edir.
“Əfsuslar olsun ki, Bakıda 200 ilə yaxın davam edən neft istehsalı ekologiyaya böyük dərəcədə ziyan vurub. Bu ziyanı biz indi aradan götürürük. Bu, çox çətin, çox böyük vəsait tələb edən məsələdir”, - deyə İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bəyan edib.
Prezidentin sözlərinə görə, bu gün Bakıda neftlə, digər tullantılarla çirklənmiş kifayət qədər yerlər var.
“Biz bu yerləri tədricən təmizləyirik, rekultivasiya aparılır. Biz Balaxanıda tullantıların təmizlənməsinə nail ola bilmişik. Bu da hesab edirəm ki, böyük tarixi layihədir. Bu layihəyə başlayanda bir çoxları inanmırdı ki, biz buna nail olacağıq. Çünki siz də yaxşı xatırlayırsınız ki, orada tullantılarla əlaqədar yanğınlar nəticəsində bütün ətrafı tüstü bürüyürdü. Hazırda ora da təmiz bir yerdir, poliqondur. Dövlət hesabına məişət tullantıları zavodu tikilir”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı, həmçinin Bakının ətrafında göllərə axıdılan çirkab suları ilə bağlı məsələnin həllinə zərurət olduğunu deyib.
“O göllərin təmizlənməsi məsələsi gündəlikdədir. Bəzi təkliflər var idi ki, bu göllər qurudulsun. Hər bir gölə fərdi qaydada yanaşmaq lazımdır. İctimaiyyət bilməlidir ki, ən ağır göldən başlamaq istəyirik. Biz1000 hektar sahəni əhatə edən Böyük Şor gölünün təmizlənməsinə başlamaq istəyirik”, - deyə İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, təklif verilib ki, bu göl iki yerə bölünsün.
“Göl üzərindən altızolaqlı avtomobil yolu avtomobil yolu çəkiləcək. Belə layihə var. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcək. Bu məqsədlə biz xarici şirkətləri dəvət etmişik. Əgər istədiyimizə nail ola bilsək, 2015-ci ilə qədər Bakıda gözəl, təmiz, şəffaf bir göl yaranacaq. Digər göllərlə bağlı həm şəhər icra hakimiyyəti, həm İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə işləsinlər, konkret təkliflər versinlər. Ola bilər, biz xüsusi proqram da qəbul edək”, - deyə dövlət başçısı qeyd edib.
Prezident şəhər nəqliyyatı ilə bağlı məsələyə də toxunub.
“Şəhər nəqliyyatı ilə bağlı məsələyə baxmaq lazımdır, təkliflər verilməlidir. Xüsusilə əlavə avtobuslar, taksilər alınmalıdır ki, insanlar özlərini daha da rahat hiss etsinlər”, - deyə o söyləyib.
“Hazırda bizdə 23 stansiya var. Son illərdə bir neçə stansiya tikilmişdir. Ancaq Proqrama əsasən 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər də çox yük olacaqdır. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq”, - deyə İ.Əliyev vurğulayıb.
İ.Əliyev qeyd edib ki, ölkəyə hər il 100 mindən çox avtomaşın idxal edilir, bu isə nəqliyyatın hərəkəti üçün problemlər yaradır.
“Əlbəttə, gətirilən on minlərlə, yüz minlərlə maşın yol infrastrukturuna əlavə təzyiq göstərir. Ona görə tıxaclar yaranır. Biz nə qədər yol qovşağı, tunel, yol ötürücüsü tiksək də, yenə də bu təzyiq olacaq”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı deyib ki, sosial infrastrukturun yaradılması ilə bağlı son illərdə böyük işlər görülüb.
“Məktəblərin bərpası, tikintisi gedir. Bu gün təqribən 90-a yaxın məktəbdə təmir işləri aparılmalıdır. Hesab edirəm ki, 2014-2015-ci illərdə Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan qalxacaq”, - deyə prezident bildirib.
Dövlət başçısı onu da qeyd edib ki, növbəti illərdə uşaq bağçalarının da tikintisinə, təmirinə böyük diqqət ayrılacaq.
Prezident yaxın illərdə Bakıda lift təsərrüfatının bərpasının vacibliyini vurğulayıb.
“Biz aparıcı istehsalçılardan 1000 lift qurğusu gətirmişik. Bu gün Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə lift təsərrüfatları yenilənir”, - deyə İ.Əliyev bildirib.