Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlar 2011-2013-cü illərdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 148 mln. manat məbləğində kredit alıblar. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.
“Bu üç il ərzində fondun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 mln. manat güzəştli kredit verilib və 5300-dək yeni iş yerinin açılması imkanı yaranıb”, - deyə Ş.Mustafayev bazar ertəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Nazirin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, SKMF-in kredit vəsaitləri hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır.