Misirin Dakahliya əyalətindəki Əl-Mənsurə şəhərində Təhlükəsizlik qüvvələri idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində ən azı 14 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. Bu barədə Misir KİV-ləri məlumat verib.
Daha əvvəl səkkiz nəfərin öldüyü bildirilirdi.
Əyalət qubernatoru jurnalistlərə bildirib ki, ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır və hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Daxil olan məlumatlara əsasən, partlayış nəticəsində yerli təhlükəsizlik xidmətinin rəhbəri ağır yaralanıb, onun iki köməkçisi isə həlak olub.
“Hələ ki, partlayışın səbəbi aydın deyil, lakin partlayış çox güclü olub və idarə binasının bir hissəsini dağıdıb. Ehtimal edirik ki, ölən və yaralananların sayı çox olacaq”, - deyə KİV-lər polisdəki mənbəyə istinadən bildirirlər.
2013-cü ildə ölkə prezidenti Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Misirdə polis və təhlükəsizlik qüvvələrinə qarşı belə hücumların və terror aktlarının sayı artıb.