Cənubi Sudanda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq BMT-nin baş katibi Pan Gi Mun bəyanatla çıxış edərək BMT Təhlükəsizlik Şurasını (TŞ) ölkədəki sülhməramlılardan ibarət kontinqentin sayını 5,5 min nəfər artırmağa çağırıb.
Hazırda BMT-nin 6,7 min hərbçisi Cənubi Sudanda xidmət edir.
Pan Gi Mun Cənubi Sudanla qonşu olan Afrika ölkələrindən sülhməramlı hərbçilərin təcili olaraq bu ölkəyə göndərilməsini təklif edib.
“Təhlükəsizlik Şurası mülki əhalinin, BMT heyətinin və əmlakının mühafizəsinə kömək etmək üçün müvafiq heyət və avadanlığın bu ölkəyə təcili göndərilməsini təsdiq edərsə, minnətdar olaram”, - deyə BMT baş katibinin TŞ-yə ünvanladığı məktubda bildirilir.
Gözlənildiyi kimi, çərşənbə axşamı BMT TŞ baş katibin təklifi üzrə səsvermə keçirəcək. ABŞ-da artıq müvafiq qətnamənin layihəsi hazırlanıb və hazırda müzakirə olunur.
Dekabrın 16-da Cənubi Sudan ordusunda etnik qruplaşmalar arasında başlamış toqquşmalar nəticəsində ölkədə vəziyyət gərginləşib.
Hərbçilərin bir hissəsi ölkə prezidentini, bir hissəsi isə sabiq prezident Riyek Maçarı dəstəkləyir. Hökumət R.Maçarı dövlət çevrilişinə cəhddə ittiham etsə də, o, bu ittihamları rədd edib.
Bir neçə sabiq nazir də daxil olmaqla 10 müxalifətyönümlü siyasətçi həbs olunub.