Misirin baş naziri Hazem Beblavi “Müsəlman qardaşlar” təşkilatını terror təşkilatı elan edib. Bu barədə Misirin MENA İnformasiya Agentliyi məlumat yayıb.
“Baş nazir Beblavi “Müsəlman qardaşlar” təşkilatının terror təşkilatı olduğunu elan edib”, - deyə agentlik Misir hökumətinin rəsmi nümayəndəsinə istinadən bildirib.
Dünən Misirin Dakahliya əyalətindəki Əl-Mənsurə şəhərində Təhlükəsizlik qüvvələri idarəsinin binası yaxınlığında törədilən və əksəriyyəti polis olan 14 nəfərin ölümü, 100-dən çox adamın yaralanması ilə nəticələnmiş partlayışdan sonra belə bəyanat səsləndirilib. Hakimiyyət partlayışı “ terror aktı” kimi xarakterizə edib.
2013-cü ilin iyul ayında devrilmiş Məhəmməd Mursi “Müsəlman qardaşlar” təşkilatının nümayəndəsidir. O, dövlət başçısı postundan uzaqlaşdırıldıqdan sonra buna etiraz olaraq ölkədə iğtişaşlar törədən hərəkatın bir çox rəhbərləri də həbs edilib.