2013-cü ilin yekunları üzrə Azərbaycanın ən yaxşı idmançıları və məşqçiləri müəyyən olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
İdman sahəsi üzrə 2013-cü ilin yekunlarına həsr olunmuş təntənəli mərasimdə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, başa çatmaqda olan ili respublika üçün idman sahəsində uğurlu adlandırıb.
Nazir vurğulayıb ki, 2013-cü ildə Azərbaycan idmançıları Olimpiya və qeyri-olimpiya idman növlərində 800-ə yaxın medal qazanıblar.
“Bu il biz yüksək nəticələr əldə etmişik. Bu isə Azərbaycanda idmanın inkişafına böyük diqqətin ayrılmasından xəbər verir”, - deyə A.Rəhimov qeyd edib.
Sonra 2013-cü ilin ən yaxşı məşqçiləri, idman federasiyaları, idman cəmiyyəti, idman klubu və idman kompleksinin mükafatlandırılması mərasimi keçirilib.
İlin ən yaxşı idmançıları: Məhəmmədrəsul Məcidov (boks üzrə dünya və Avropa çempionu), Elxan Məmmədov (cüdo üzrə dünya çempionu), Cavid Çələbiyev (boks üzrə dünya çempionu), Orxan Səfərov (avarçəkmə üzrə dünya çempionatının bürünc mükafatçısı), Xetaq Qazyumov (sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı), Teymur Məmmədov (boks üzrə Avropa və dünya çempionatlarının gümüş mükafatçısı), Firudin Quliyev (universiadanın qalibi, ağır atletika üzrə dünya çempionatının bürünc mükafatçısı), Radik İsayev (taekvando üzrə dünya çempionatının bürünc mükafatçısı), Rafael Ağayev (karate üzrə Avropa və İslam Həmrəyliyi Oyunlarının çempionu), İlham Zəkiyev (cüdo üzrə Avropa çempionu).
Başa çatmaqda olan ilin yekunları üzrə ən yaxşı məşqçilər Ağanağı Cəfərov (cüdo), Yadigar Məmmədov (boks), İsmayıl Çöpsiyevdir (yunan-roma güləşi).