“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 2011-2013-cü illər ərzində Bakı və ətraf qəsəbələrdə yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edib. Bu barədə “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda məlumat verib.
Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilib. 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, paytaxtın Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılıb. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.
“Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılıb və hazırda son sınaq-sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaq ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcək”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan verib.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.