Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Qızıl Balıqartırma Zavodunda kürüalma prosesi başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Bu proses 2014-cü il fevralın 10-na qədər davam edəcək, ümumilikdə 200 min qramdan artıq alabalıq kürüsü götürülməsi nəzərdə tutulub.
Alınan kürü mayalanır, 45 dəqiqə sakit və qaranlıq yerdə qaldıqdan sonra qablara yerləşdirilir.
Körpə balıqlar 15-17 qram çəkiyə qədər yetişdirilir və Qaradağ təcrübə sınaq zavoduna göndərilir. May ayına qədər yemlənən balıqlar 60-80 qram çəkiyə çatdıqdan sonra Xəzər dənizinə və Kür çayına buraxılır.
Hazırda respublikada 3 qızıl balıqartırma zavodu fəaliyyət göstərir. Balıqartırma sənayesində Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.
Qəbələ Qızıl Balıqartırma Zavodu il ərzində dənizə 110-120 min körpə balıq buraxır.