Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin birinci mərhələsi 2014-cü ilin iyun ayına qədər başa çatmalıdır. Bu barədə prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bəyan edib.
“Ələt dəniz limanının birinci mərhələsinin istifadəyə verilməsi gələn ilin iyun ayına qədər olmalıdır. Gələn ilin iyun ayından başlayaraq indiki dəniz limanında abadlıq işləri başlanmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident yeni Dəniz Limanının tikintisinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Xəbər verildiyi kimi, “Azərkörpü” ASC Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində podratçı seçilib. Yeni limanın təməlqoyma mərasimi 2010-cu ilin noyabrında olub. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
Limanın tikintisi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə liman 10 mln. ton yük və 40 min konteynerin, ikinci mərhələdə 17 mln. tona qədər yük və 150 min konteynerin, üçüncü mərhələdə 25 mln. ton yük və 1 mln. konteynerin boşaldılıb yüklənməsi üçün nəzərdə tutulacaq.
Layihə çərçivəsində 400 hektarlıq sahədə limanın normal fəaliyyəti üçün bütün lazımi infrastrukturun tikintisi planlaşdırılır.
Limanın tikintisinə çəkiləcək xərclər 870 mln. manat dəyərində qiymətləndirirlir. Limanın tikintisində birinci mərhələ əsas sayılır və onun reallaşması üçün 540 mln. manat tələb olunur. İkinci mərhələ 150 mln. manat, üçüncü mərhələ 180 mln. manat məbləğində qiymətləndirilir.
Bakı limanının hazırda yerləşdiyi ərazi onun inkişafına maneçilik törədir. Xüsusən ağır aqrotexnikanın hərəkəti yalnız axşam saatlarında mümkün olduğu üçün limanın quru yük terminalı normal fəaliyyət göstərə bilmir. Bu səbəbdən də vaqonların yüklənib-boşaldılmasına tələb olunandan çox vaxt sərf olunur.