Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu 2014-cü ildə 500-ə yaxın milli standartın hazırlanmasını planlaşdırır. Bu barədə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev çərşənbə axşamı “İnteqrasiya olunmuş idarəetmə sistemləri” mövzusunda beynəlxalq seminarda çıxışı zamanı məlumat verib.
“Gələn il biz təxminən 500 milli standart hazırlayaraq təsdiq olunmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etməyi planlaşdırırıq”,- deyə S.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, 2013-cü il ərzində turizm, qida sənayesi, İKT kimi sahələrdə 50 standart tətbiq edilib.
S.Abdullayev vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum həm neft, həm də qeyri-neft sektoru ilə fəal iş aparır. Əsas məqsəd istehsal olunan məhsulun beynəlxalq standartlara uyğun olmasıdır ki, bu da onun rəqabətədavamlılığının yüksəlməsini təmin edir”,- deyə o bildirib.
S.Abdullayev əlavə edib ki, Sumqayıt Texnologiya Parkı ilə bağlanmış müqaviləyə əsasən, tezliklə elektrik kabelləri və plastik boruların keyfiyyətinə tələbləri Avropa standartlarına uyğun olaraq müəyyənləşdirən milli standartların işlənilməsinə başlanılacaq. “Bununla yanaşı, texnoparkın təşəbbüsü ilə ağır sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb”, - deyə S.Abdullayev bildirib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Britaniyanın Standartlar İnstitutunun (BSİ) təşkil etdiyi ikigünlük seminarın işi çərşənbə günü başa çatacaq.