Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 regional müfəttişliyinin rəislərini işdən azad edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə respublikada əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
İclasda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev müfəttişliklərin ötən il və cari ilin 10 ayına dair fəaliyyətlərinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib.
Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Əməyin mühafizəsi üzrə laboratoriyaların faktiki olaraq fəaliyyət göstərmədiyi, əmək müfəttişləri arasında yoxlamalar üzrə qeyri-bərabər bölgünün mövcud olması və digər nöqsanlar da qeyd edilib.
Nəticədə vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilib, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib.
Bundan başqa, iclasda əmək müfəttişliyi sistemində avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması və elektron xidmətlərin çeşidinin artırılması, risk qrupundan asılı olaraq müəssisələrdə yoxlamaların keçirilmə müddətlərinin müəyyən olunması, tətbiq edilən cərimələrin vahid hesabda toplanması, müfəttişliyin regional strukturunda məqsədəmüvafiq islahatların aparılması, müfəttişlik rəislərinin ən azı iki ildə bir dəfə olmaqla rotasiyasının həyata keçirilməsi və s. barədə təkliflər irəli sürülüb.
Xəbər verildiyi kimi, S.Müslümov 22 oktyabr 2013-cü il tarixində əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.
İ.İsayev bu ilin noyabr ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.