2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının ümumi aktivləri 22% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ildə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri haqqında bəyanatında deyilir.
“2013-cü ildə bank sektorunun maliyyə vasitəçiliyi dərinləşməkdə davam edib, bank sisteminin resurs bazası genişlənib. 11 ay ərzində bankların aktivləri 22% artıb”,- deyə bəyanatda bildirilir.
Hesabat dövründə bankların kredit qoyuluşları 25% artıb. Bununla yanaşı, 11 ay ərzində regionlarda banklar tərəfindən kreditləşmənin həcmi 31%, özəl sektorun kreditləşməsinin həcmi 25% artıb. Bankların uzunmüddətli kreditlərinin xüsusi çəkisi ümumi kredit portfelində 79%-ə çatıb.
“Yanvar-noyabr aylarında istehlak kreditlərinə yüksək tələbat müşahidə olunub, onların həcmi təxminən 37% artıb”, - deyə bəyanatda bildirilir.
2013-cü ilin 11 ayı ərzində əhalinin bank əmanətlərinin həcmi 25,5% - 6,4 mlrd. manatadək artıb. Onların 70%-i sığortalanmış əmanətlərdir. Ümumilikdə dekabrın əvvəlinə Azərbaycanda 3 mln.-dan çox əmanətçi var.
Son bir ildə əmanət və kreditlər üzrə dərəcələr orta hesabla 1 faiz bəndi azalıb.
Azərbaycanın bank sisteminin adekvatlığı 12%-lik normaya qarşı 17,6%, müddəti keçmiş kreditlərin xüsusi çəkisi 5,3%, aktivlərin rentabellik əmsalı (ROA) 2%, məcmu kapitalın rentabellik əmsalı (ROE) 15% təşkil edib.
“11 ay ərzində banklar 41 filial və 12 şöbə açıblar, hazırda respublikada 691 filial və 142 şöbə fəaliyyət göstərir. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının sayı 139-dan 146-ya yüksəlib”,- deyə bəyanatda qeyd olunur.
Azərbaycanda 43 bankın fəaliyyət göstərmək üçün lisenziyası var.