Bakı Metropoliteni “Avtovağzal” stansiyasında eskalator və travolatorların quraşdırılmasına başlayıb. Bu barədə metropolitenin məlumatında deyilir.
“İnşaat işləri yekunlaşmaq üzrə olan 3-cü xəttin başlanğıc stansiyası «Avtovağzal»da avadanlıqların, o cümlədən eskalator və travolatorların quraşdırılmasına başlanılıb. Eskalator və travolatorlar Almaniyanın «Tüyssen Krupp» («Thyssen Krupp») şirkətinin məhsuludur. Bundan əvvəl alman şirkətinin eskalatorları «İçərişəhər», «Azadlıq prospekti», «Dərnəgül», «Koroğlu» və «28 May» stansiyalarında quraşdırılıb”, - deyə məlumatda bildirilir.
Metropolitenimizin tarixində ilk dəfə travolatorlardan «Avtovağzal»da istifadə olunacaq. Üfüqi vəziyyətdə hərəkət edən «Orinoko» tipli bu sərnişin konveyeri uzun tunellərdə rahat hərəkət vasitəsidir. Bu mənada əlil və uşaq arabaları ilə hərəkət edənlər, yaşlılar, fiziki imkanı məhdud insanlar üçün travolatorlar ən əlverişli hərəkət vasitəsidir.
Bu stansiyanın 2014-cü ildə istismara verilməsi planlaşdırılır.
Xəbər verildiyi kimi, Bakı Metropoliteni 2014-cü ilin may ayında “bənövşəyi” xəttin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarını, 2015-2016-cı illərdə isə daha üç stansiyanı istismara verməyi planlaşdırır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten iki xətt (yaşıl və qırmızı) və 23 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.
2030-cu ilə qədər metropolitenin stansiyalarının ümumi sayı 76, metro xətlərinin ümumi uzunluğu 109 km təşkil edəcək.