1 dekabr 2013-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycan vətəndaşları Azərbaycan SSR Əmanət Bankında qalmış əmanətlər üzrə 600 mln. manata yaxın məbləğdə kompensasiya alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 1-dən kompensasiyaların ödənilməsinə başlanılıb.
“2012-ci ildə və 2013-cü ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları Azərbaycan SSR Əmanət Bankında qalmış əmanətlər üzrə 600 mln. manata yaxın məbləğdə kompensasiya alıblar. Bütövlükdə 1 mln. 621,7 min əmanət hesabı üzrə fərdi birdəfəlik ödəmələr həyata keçirilib”, - deyə AMB-dən qeyd olunub.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2012-ci ilin mart ayında 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə əmanətləri olan əmanətçilərə veriləcək.
Birdəfəlik ödəmə əmanət qalığının məbləğindən asılı olaraq aşağıdakı qaydada hesablanacaq: əmanət 2 min rubla qədər olduqda (0,04 manat) əmanət qalığının hər bir qəpiyi üçün 75 manat, 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1 min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat veriləcək.
Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilib, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq.
İnventarizasiya zamanı Azərbaycan SSR Əmanət Bankında 2,4 mln. hesabın olduğu müəyyən edilib.
Birdəfəlik ödəmələr “Kapital Bank”ın filialları vasitəsilə verilir.