Oğlunun adı korrupsiya qalmaqalında hallanan Türkiyənin daxili işlər naziri Müəmmər Gülər istefa vermək qərarına gəlib. Bu barədə çərşənbə günü Türkiyənin “Hürriyyət” qəzetinin saytında məlumat verilir.
“Mən baş nazirə (Rəcəb Tayyib Ərdoğana -İF) hələ dekabrın 17-də şifahi qaydada istefa xahişi ilə müraciət etmişəm. İndi isə yazılı qaydada analoji xahiş ilə müraciət etdim”, - deyə qəzet nazirin sözlərindən sitat gətirir.
Çərşənbə günü Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan da vəzifəsindən istefa verdiyini bəyan edib.
Korrupsiya qalmaqalı hakim Ədalət və İnkişaf Partiyası ilə böyük nüfuza malik müsəlman lideri Fətullah Gülən arasında yaranmış mübahisənin nəticəsidir.
Hazırda 24 fiquranta, o cümlədən M.Gülər və Z.Çağlayanın oğullarına və dövlətə məxsus “Halkbank”ın baş direktoru Süleyman Aslana qarşı ittihamlar irəli sürülüb.
S.Aslanın evində aparılan axtarış zamanı polis ayaqqabı qutusundan $4,5 mln. nağd pul aşkarlayaraq müsadirə edib.
Onlar rüşvətxorluqda, mühafizə olunan təbiət ərazilərində tikintiyə icazə üçün haqq alan rüşvətxorlara vasitəçilik etməkdə ittiham olunurlar.