Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində piratçılığın səviyyəsi azalmaqdadır. Bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çərşənbə günü “Virtual məkanda müəllif hüquqlarının qorunması” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı bildirib.
“Azərbaycan piratçılığa qarşı fəal mübarizə aparır. Ölkədə bu istiqamətdə görülən tədbirlər nəticəsində kitabların nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 68%-ə, proqram təminatı sahəsində 96%-dən 87%-ə qədər azalıb”, - deyə o qeyd edib.
K.İmanovun sözlərinə görə, agentlik tərəfindən aparılan araşdırmalar göstərib ki, “kreativ iqtisadiyyat”ın xüsusi çəkisi 2003-cü ildə ÜDM-in 2,1%-dən 2012-ci ildə ÜDM-in 4,5%-nə qədər artıb.
“Azərbaycan institutları dünyada müəllif hüquqlarının qorunmasına görə Qazaxıstanı 4, Rusiyanı 44, Ukraynanı 64 mövqe üstələyərək 69-cu yeri tutur”,- deyə o bildirib.
Ümumilikdə son 5 ildə Azərbaycan Cənubi Qafqazda müəllif hüquqlarının qorunması sahəsində liderlik edir.
“Bu baxımdan biz Polşa, Monteneqro, Xorvatiya, Bolqarıstan, Rumıniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Hindistan və Braziliyanı geridə qoyuruq”, - deyə K.İmanov əlavə edib.
Onun sözlərinə görə, 2013-cü ildə agentliyin “960” qaynar xəttinə 600-dən çox müraciət daxil olub.
Agentliyin sədri onu da deyib ki, Azərbaycanda müəllif hüquqlarının qorunması üzrə tədbirlər görülür, qanunvericilik aktlarına piratçılığa qarşı mübarizəni tənzimləyən müvafiq düzəlişlər edilir.
O, Azərbaycanda əhalinin 70%-nin internet istifadəçisi olduğunu deyib.
“Yaxın vaxtlarda Azərbaycanda əhalinin 85%-nin internetdən istifadə etməsinin təmin edilməsi gözlənilir”, - deyə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə öz çıxışında söyləyib.