“Azəristiliktəchizat” ASC 2014-cü ilin fevral ayında Gəncənin yaşayış binalarına istilik sistemlərinin çəkilməsinə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Gəncə şəhər İstilik Sistemləri İdarəsinin rəisi Əsəd Xudaverdiyev məlumat verib.
“İstiliklə təmin olunacaq 100-ə yaxın binanın layihəsi hazırdır və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq. Bu binalar şəhərin Mahrasa bağı, Gülüstan və Yeni Gəncə yaşayış massivlərində yerləşir. Bundan başqa, layihədə bir neçə təhsil ocağı və mədəniyyət müəsisəsinin də istilik sistemi ilə təchiz olunması öz əksini tapıb”,- deyə Ə.Xudaverdiyev bildirib.
Layihəyə görə, tikiləcək qazanxanalardan xətlər binaların zirzəmisinədək çəkiləcək. Buradan isə sakinlər könüllü olaraq mənzilinə istilik xətti çəkə biləcək.
“İstilik sisteminin çəkilməsi bir kvadrat metr üçün 0,05 manata başa gəlir. Gəncədə 800-ə yaxın yaşayış binası var. Beş ilə həmin yaşayış binalarına istilik sistemlərinin çəkilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.
SSRİ dönəmində Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarının isidilməsi üçün mərkəzləşmiş qaydada 3 böyük qazanxana fəaliyyət göstərib. 1988-ci ildən isə həmin qazanxanaların fəaliyyəti dayanıb.