Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu 2013-cü ilin əvvəlindən sahibkarlara 7 mln. 419,7 min manat məbləğində güzəştli kredit verib. Bu barədə fondun direktoru Abbasağa Babayev sahibkarlarla görüş zamanı bildirib.
Onun sözlərinə görə, bu kreditlər 78 layihənin reallaşdırılması üçün verilib.
“İlin əvvəlindən həyata keçirilimiş 52 layihə üzrə 739 yeni iş yeri açılıb, reallaşdırılması davam edən 26 layihə üzrə 162 iş yerinin açılması planlaşdırılır”,- deyə A.Babayev qeyd edib.
O söyləyib ki, fondun kredit vəsaitləri hesabına hazırda Naxçıvan MR-də ət konservləri, smetan, pendir, kompot, tara, elektrik açarları, tipoqrafiya və nəşriyyat ləvazimatlarının istehsalı üzrə müəssisələr yaradılmaqdadır.
Görüşdə gəlirli hesab edilən bir sıra yeni layihələrin təqdimatı olub. Onların arasında dəftər, döşəmə örtükləri, şüşə-lif izolyasiya materialları, xalça, elektrod istehsalı, meyvə və tərəvəzin dondurulması, avtomobil şinlərinin utilizasiyası, plastik qab, yun emalı üzrə layihələr var.