ABŞ və Kanadanın bəzi rayonlarında fırtına nəticəsində ən azı 27 nəfər həlak olub. Bu barədə cümə axşamı BBC teleradio korporasiyası məlumat yayıb.
Hökumətin məlumatına əsasən, ölüm faktlarının əksəriyyəti qızdırıcı cihazlardan istifadə edərkən dəm qazından zəhərlənmə nəticəsində baş verib.
ABŞ-ın şimal-şərqində və Kanadanın cənub-şərqində 500 mindən çox ev hələ də işıqsız qalmaqdadır.
Elektrik təchizatının bərpa edilməsi üzrə işlər bütün gün ərzində davam etdirilsə də, bu işlərin başa çatdırılması üçün daha bir neçə gün lazım ola bilər.
Fırtına nəqliyyatın hərəkətində də problemlər yaradıb. Toronto və Monreal, həmçinin Ottava və Nyu-York arasında yol əlaqəsi kəsilib. Yol-nəqliyyat hadisələrinin sayı artıb.
Xəbər verildiyi kimi, ötən istirahət günlərində ABŞ və Kanadada buzlu yağış və güclü qarla müşayiət olunan çovğun baş verib.