Azərbaycan rəhbərliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları öyrənir və dəyərləndirir. Bu barədə cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açıqlama verib.
“Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir”, - deyə o vurğulayıb.
Şöbə müdirinin sözlərinə görə, ölkə hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir.
“Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımı açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla da bağlı açıqlamalar veriləcək”, - deyə Ə.Həsənov vurğulayıb.
Xəbər verildiyi kimi, dekabrın 18-də Azərbaycan Respublikası Baş Prokurorluğu “Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli ilə bağlı bəyanat yayıb.
Məlumatda bildirilir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə cinayət işi başlanıb.
İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.
Bundan sonra Bəşir Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.
Qeyd olunan faktlarla əlaqədar, Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.