Qarabağ Qaziləri İctimai Birliyinin üzvləri ötən gün özünü yandırmış Qarabağ Müharibəsi əlili Zaur Həsənovun müalicə olunduğu 5 saylı xəstəxananın qarşısına toplaşıb. Bu barədə yerli KİV-lər məlumat verir.
Toplaşanlar çərşənbə günü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK) binası qarşısında Bibi-Heybət qəsəbəsindəki kafesinin əlindən alınmasına etiraz olaraq özünü yandırmış Z.Həsənovla həmrəy olduqlarını bildiriblər.
Xəstəxananın həkimiləri Z.Həsənovun vəziyyətinin ağır olduğunu bildirirlər.
“Facebook” sosial şəbəkəsində “Veteranları yandırmayın!” adlı qrup yaradılıb və qrupun səhifəsində dekabrın 28-də saat 15:00-da Fəvvarələr meydanında Z.Həsənovun hüquqlarının pozulmasına qarşı etiraz aksiyasının keçiriləcəyi elan edilib.
Aksiya iştirakçıları AHİK rəhbəri, deputat Səttar Mehbalıyevin üzr istəməsini, eləcə də əlil veterana qarşı yol verilmiş ədalətsizliyin aradan qaldırılmasını, onun mülkiyyət hüququnun bərpa edilməsini tələb etmək niyyətindədirlər.
Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, qanunsuz aksiyanın keçirilmə cəhdinin qarşısı alınacaq.