Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, ölkədə baş qaldırmış korrupsiya qalmaqalında əsas hədəf o özüdür.
Yerli jurnalistlərlə söhbətdə baş nazir bildirib ki, onu bu qalmaqala cəlb etmək istəyənlərin əli boş qalacaq. Bu barədə “Associated Press” agentliyi cümə axşamı Ankaradan məlumat verir.
R.T.Ərdoğan Nazirlər Kabinetində böyük dəyişikliklər edib.
Türkiyə hökumətinin tərkibinin dəyişməsi keçmiş daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan və ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğullarının adlarının korrupsiya qalmaqalında hallanmasından sonra baş verib. Həmin nazirlər öz təşəbbüsləri ilə istefa veriblər. Baş nazir istefa ərizələrini qəbul edib, daha sonra Nazirlər Kabinetinin daha yeddi üzvünü işdən çıxarıb.
Baş nazir ölkə prezidenti Abdulla Gül və bəzi nazirlərlə məsləhətləşdikdən sonra hökumətin yeni üzvlərinin adlarını açıqlayıb.
Belə ki, R.T.Ərdoğan Əmrullah İşləri baş nazirin müavini təyin edib. Bundan başqa, yeni daxili işlər, iqtisadiyyat, nəqliyyat, rabitə və gəmiçilik, ədliyyə, ailə və sosial siyasət, ətraf mühit və şəhərsalma, elm, sənaye və texnologiyalar, gənclər və idman, eləcə də Avropa İttifaqı işləri üzrə nazirlər təyin edilib.