Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 275 mln. manat kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4 480 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 12 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə axşamı Bakının Sabunçu rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
İndiyədək SKMF-in xətti ilə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlara 686 investisiya layihəsinin həyata keçirilməsi üçün 148,3 mln. manat məbləğində güzəştli kredit verilib.
“Tədbir çərçivəsində 21 sahibkarlıq subyekti 1,4 mln. manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 400-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir.