Azərbaycanda son 10 il ərzində vərəmə yoluxma halları 2,5 dəfə azalıb. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində məlumat verib.
“Yoluxucu xəstəliklərlə mübarizə çərçivəsində respublikada 10 xəstəliyə qarşı peyvənd aparılır. Bu günə ölkə üzrə peyvənd planı 95-99% yerinə yetirilib”, - deyə E.Ağayev bildirib.
Onun sözlərinə görə, son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji sabitliyə nail olunub. Azərbaycan tarixində ilk dəfə olaraq cari ildə bu infeksiyanın yerli yoluxma halları qeydə alınmayıb.
İxtisaslı kadrların hazırlanması məsələsinə toxunan nazir müavini qeyd edib ki, əgər 2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-yə çatdırılıb.
E.Ağayev deyib ki, 2013-cü ildə 4 min həkim və 6 min orta tibb işçisi sertifikasiyadan keçib.
“Cari ilin aprel ayından keçirilən üç mərkəzləşdirilmiş imtahan nəticəsində 156 həkim işə qəbul olunub. Bundan başqa, 124 mütəxəssis Almaniya, Belarus və Türkiyənin aparıcı klinikalarında təkmilləşdirmə kursları keçiblər”, - deyə E.Ağayev vurğulayıb.