SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Trestinin “Abşeron” Qazma İşləri İdarəsi tərəfindən “Səadan” quru yatağında yeni quyunun qazma işlərinə başlanılıb. Bu barədə şirkətin məlumatında bildirilir.
1795 nömrəli quyunun dərinliyi 1400 metr təşkil edir. Qazma işləri Maykop Lay Dəstəsindən həyata keçiriləcək.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Səadan” yatağı Xəzəryanı-Quba neftli-qazlı rayonunda yerləşir. Bu rayonda geoloji kəşfiyyat işləri 1939-cu ildə hərtərəfli geoloji çəkilişlər əsasında başlanıb. Maykop Lay Dəstəsinin neft-qaz ehtiyatları ilk dəfə 1942-ci ildə müəyyən olunub. Daha sonra ümumi uzunluğu 50 km-dən çox olan Çəndahar-Zarat, Siyəzən-Nardaran, Səadan, Əmirxanlı, Zağlı və Zeyvə sahələrində bir sıra neft yataqları aşkarlanıb.