“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində bir sıra işlərin aparılması üçün podratçılar müəyyənləşdirilib.
Parkın elanına əsasən, xarici su təchizatı və kanalizasiya sisteminin tikinti işləri ilə “M-NAF” MMC, çirkab suları üçün su kəməri sisteminin tikintisi ilə "Dizayn Construction” MMC, kimyəvi tullantılar üçün su kəməri sisteminin tikintisi ilə “N.Z-Insaat" MMC, daxili su təchizatı və kanalizasiya sisteminin tikintisi ilə "Instal-Servis" MMC məşğul olacaq.
“Müvafiq tenderlərin qalibi olmuş bu şirkətlərlə dekabrın 25-də podrat işlərinin yerinə yetirilməsi haqqında müqavilələr bağlanılıb”,- deyə elanda bildirilir.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.