2014-cü il yanvar ayının 15-dən etibarən Azərbaycanın aparıcı bankları “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlərin göstərilməsini dayandırır. Bu barədə “Xalq Bank” ASC-nin məlumatında qeyd olunur.
Məlumatda vurğulanır ki, Azərbaycanda 13 bank əməliyyatların aşağı gəlirliliyi səbəbindən “Zolotaya Korona” sistemi ilə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib.
“Belə bir qərar bankların “Zolotaya Korona” sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır. Əfsuslar olsun ki, bankların “Zolotaya Korona” sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticələnməyib və bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarı vermək məcburiyyəti qarşısında qalırlar”, - deyə məlumatda qeyd edilir.
“Zolotaya Korona” sistemi ilə əməkdaşlığı dayandıran digər banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “Bank Standard”, “Bank Technique”, “Bank Respublika”, “Unibank”, “Dəmir Bank”, “Muğan Bank”, “Bank of Baku”, “Ata Bank”, “Access Bank” və “Bank of Azerbaijan”.
“Zolotaya Korona” Rusiya və MDB ölkələri ərazisində fəaliyyət göstərən pul köçürmələri sistemidir (www.zolotayakorona.ru). Sistemə iki xidmət daxildir: “Zolotaya Korona – Bank kartı” (onun iştirakçıları bank kartlarının emissiya və ekvayrinqini həyata keçirirlər) və “Zolotaya Korona – Pul köçürmələri” (bank hesabı açılmadan pul vəsaitlərinin köçürülməsi üzrə xidmətlər göstərir).