Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan 2014-cü ildə nərəkimilərin sənaye üçün ovlanmasını dayandıracaqlar.
“Rosrıbalovstvo”nun xəbər verdiyi kimi, bu barədə saziş Xəzər dənizinin Bioloji su ehtiyatları üzrə Komissiyasının iclasında əldə edilib. İclasda beş ölkənin nümayəndə heyətləri iştirak edib. Nümayəndə heyətlərinin tərkibinə bu dövlətlərin balıqçılıq təsərrüfatlarının idarəetmə orqanlarının, Təbii Ehtiyatlar və Xarici İşlər nazirliklərinin nümayəndələri daxil olub.
““Rosrıbalovstva”nın İctimai Əlaqələr Mərkəzinin rəhbəri Aleksandr Savelyevin “İnterfaks”a bildirdiyi kimi, belə bir qərar ilk dəfə verilib. Mahiyyət etibarı ilə bu, Xəzər dənizində nərkimilərin ovlanmasına moratoriumun tətbiq edilməsi haqqında razılaşmaların həyata keçirilməsində əhəmiyyətli addımdır və Rusiya son illər Xəzəryanı dövlətləri buna çağırırdı.
“Nəhayət ki, sağlam düşüncə qələbə çaldı, biz çoxdan deyirdik ki, nərəkimilərin populyasiyasının bərpa olunması üçün üçün təbiət dincəlməlidir. Bu, həm də nərəkimilərin təkrar istehsalı üzrə Xəzəryanı dövlətlərin səylərinin nəticə verməsi üçün lazımdır, yoxsa belə çıxır ki, bəzi ölkələr dənizə körpə nərə balıqları buraxır, digər ölkələr onu ovlayırlar”.
A.Savelyevin sözlərinə görə, bu məhdudiyyətlər növbəti illərdə də uzadıla bilər. “Onun beş il müddətində qüvvədə qalması istisna edilmir”, - deyə o qeyd edib.
Rusiya nərəkimilərin sənaye məqsədi ilə ovlanmasını 2002-ci ildə dayandırıb. Yalnız elmi məqsədlərlə az miqdarda ovlanmaya icazə verilib. Bir neçə il əvvəl Rusiya bütün Xəzəryanı dövlətlərə 5 il müddətinə nərəkimlərin sənaye məqsədi ilə ovlanmasına moratorium tətbiq edilməsini təklif edib. Müvafiq saziş müxtəlif səviyyələrdə müzakirə olunub. Xüsusilə 2011-ci ilin avqust ayında o zamanlar dövlət başçısı postunda olan Dmitri Medvedev Xəzəryanı dövlətləri monatoriuma qoşulmağa çağırmışdı.
Dünyadakı nərəkimilərin bütün ehtiyatının 96%-i Xəzər dənizindədir. Lakin brakonyerlik və təbiətə antropogen müdaxilələr nəticəsində bu qiymətli balıq növünün populyasiyasına ciddi ziyan dəyib. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində demək olar ki, nərə balıqlarının kürüləmə yeri qalmayıb.