Milli Məclisin cümə günü keçirilən plenar iclasında mövcud qanunvericilikdə polisin saxlanılan və həbs edilən şəxslərlə rəftarı qaydalarına nəzərdə tutulan dəyişiklikləri qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri iclasdan xəbər verir.
Milli Məclis "Polis haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, eləcə də Cinayət və Cinayət-Prosessual məcəllələrə dəyişiklikləri qəbul edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanuna dəyişikliklərin mətnini təqdim edib.
"Polis haqqında" qanuna edilən dəyişikliklərə görə, həbs edilən şəxs həbs yerinə gətirildikdən dərhal sonra onun tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır.
Tutulmuş və ya həbs edilmiş şəxs qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, şəxsi məlumatları öz təşəbbüsü ilə verməməlidir. Əgər tutulan və ya həbs edilən şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verilməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır.
Cinayət-Prosessual Məcəlləyə edilən düzəlişlər saxlanılan və həbs edilən şəxslərin, eləcə də onların hüquqlarının təmin edilməsi üçün lazımi şəraiti yaratmağa məsul olan bütün şəxslərin öhdəliklərini tənzimləyir.