Azərbaycan vətəndaşları Azərbaycan SSR Əmanət Bankında qalmış əmanətlər üzrə 597 mln. 320 min 420,74 manat məbləğində kompensasiya alıblar. Bu barədə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın sədri Razim Vəliyev cümə günü mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 1-dən kompensasiyaların ödənilməsinə başlanılıb.
“2012-2013-cü illərdə Azərbaycan vətəndaşları Azərbaycan SSR Əmanət Bankında qalmış əmanətlər üzrə 597 mln. 320 min 420,74 manat məbləğində kompensasiya alıblar. Bütövlükdə 1 mln. 622,345 min hesab üzrə fərdi birdəfəlik ödəmələr həyata keçirilib”, - deyə R.Vəliyev qeyd edib.
Onun sözlərinə görə, komissiya 2012-2013-cü illərdə 106 iclas keçirib. Bu iclaslarda birdəfəlik kompensasiyaların verilməsi zamanı yaranan problemli məsələlər müzakirə olunub.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2012-ci ilin mart ayında 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə əmanətləri olan əmanətçilərə veriləcək.
Birdəfəlik ödəmə əmanət qalığının məbləğindən asılı olaraq aşağıdakı qaydada hesablanacaq: əmanət 2 min rubla qədər olduqda (0,04 manat) əmanət qalığının hər bir qəpiyi üçün 75 manat, 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1 min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat veriləcək.
Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilib, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq.
İnventarizasiya zamanı Azərbaycan SSR Əmanət Bankında 2,4 mln. hesabın olduğu müəyyən edilib.
Birdəfəlik ödəmələr “Kapital Bank”ın filialları vasitəsilə verilir.