Azərbaycan vətəndaşlarının banklar və digər kredit təşkilatlarında əmanətləri üzrə ödənilən faizlər 2015-ci ilə qədər gəlir vergisindən azad ediləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, Milli Məclisin cümə günü keçirilən iclasında "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 1 (bir) il müddətinə gəlir vergisindən azad edilməsi haqqında" qanun qəbul edilib.
Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Xəbər verildiyi kimi, əhaliyə banklardakı əmanətlərə görə ödənilən faizlər üzrə vergiqoyma güzəştləri 1999-cu ilin yanvar ayından tətbiq olunur. İkinci dəfə bu güzəştlərin tətbiqi 2004-cü ilin yanvar ayından üç il müddətinə uzadılıb. 2007-ci ilin və 2010-cu ilin yanvar ayından güzəştlər yenidən həmin müddətə uzadılıb.