Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək 1200 məcburi köçkünə 24 mln. manat güzəştli kredit verib. Bu barədə fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Cümə günü Bakıda Xankəndindən olan 100-dən çox məcburi köçkün sahibkarla görüş keçirilib.
“İndiyədək 1200-ə yaxın məcburi köçkün sahibkara 24 mln. manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə Ş.Abdullayev bildirib.
Onun sözlərinə görə, gələcəkdə SKMF məcburi köçkün sahibkarlara kreditlərin verilməsini davam etdirəcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir.