Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) 30 dekabr tarixində sığorta agenti və sığorta bazarının peşəkar iştirakçılarının rəhbər işçiləri kimi fəaliyyət göstərmək məqsədilə lisenziya almaqda maraqlı olan şəxslərin attestasiyası üçün növbəti imtahan keçirəcək. Bu barədə DSNX-nin saytında dərc edilən məlumatda qeyd edilir.
İmtahanlarda iştirak etmək üçün sənədlərini təqdim edən şəxslər 28 dekabr saat 14:00-dək öz iştiraklarını təsdiq etməlidirlər.
İmtahan sığorta, təkrar sığorta və broker şirkətlərində rəhbər vəzifələri tutmaq istəyən şəxslər, eləcə də sığorta bazarında vasitəçilik fəaliyyəti (sığorta agentləri – İF) ilə məşğul olmaq istəyən şəxslər üçün keçirilir.
Test imtahanı “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir. 100 sualdan ən azı 70 suala düzgün cavab verən şəxslər attestasiyadan keçir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agent fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirir.