Orta məktəb dərsliklərinə Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələri barədə məlumatlar salınacaq.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda belə bənd nəzərdə tutulub.
Proqram 7 il ərzində bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Belə ki, orta məktəb dərsliklərinə müvafiq məlumatlar daxil ediləcək, yaşayış məntəqələrinin baş planları layihələndirilən zaman, həmçinin tikinti-quraşdırma və abadlıq işləri aparılarkən abidələrin mühafizə zonaları nəzərə alınacaq. Bundan başqa, Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən daşınmaz mədəni irsi haqqında kitabların çap etdirilməsi planlaşdırılır.
Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Proqramının icrasına məsul dövlət orqanları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdirilir.
Proqramın həyata keçirilməsi çərçivəsində daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, mədəni irsin qorunması üzrə idarəetmə sisteminin və normativ hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutan Tədbirlər Planı da müəyyən olunub.