Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında imzalanan sazişlər paketini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Respublikası ərazisində yeni təhsil müəssisələrinin yaradılması haqqında Protokol” təsdiq edilib.
O cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Belarus Respublikasının Dövlət Nəzarəti Komitəsinin Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Saziş” təsdiq olunub.
Qeyd olunan sənədlər 21 noyabr 2013-cü il tarixində Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Bundan başqa, İ.Əliyev 2013-cü il noyabrın 18-də Kiyevdə imzalanan “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı”nı və sentyabrın 25-də imzalanan “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında məsləhətləşmə haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.