“Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində Amerikanın KBR mühəndis-tikinti və xidmət şirkəti ilə $365 mln. məbləğində müqavilə bağlayıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin (layihənin texniki operatoru - İF-Az) məlumatında bildirilir.
Müqavilə «Şahdəniz-2» layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Bu müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət «Şahdəniz-2» dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək, Səngəçal terminalında hər birinin gücü gündə 900 mln. kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 min barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri, təchizat-tədarük və layihə üzrə məlumatların idarə olunması xidmətlərindən ibarətdir.
Müqavilə çərçivəsində nəzərdə tutulan işlər 2014-cü ilin yanvar ayında başlayacaq və 2018-ci ildə başa çatacaq.
Bu, “Şahdəniz-2” layihəsi çərçivəsində imzalanmış üçüncü müqavilədir. Daha əvvəl “Mərhələ-2” çərçivəsində ümumi məbləği $1 mlrd. 972 mln. təşkil edən iki podrat müqaviləsi imzalanıb.