Azərbaycan idmançıları 2013-cü ildə beynəlxalq yarışlarda 782 müxtəlif medal qazanıblar. Bu barədə Gənclər və İdman Nazirliyinin saytında məlumat verilir.
2013-cü il ərzində idmançılarımız beynəlxalq rəsmi yarışlarda 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə isə 782 medal qazanıblar. Onlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) olimpiya idman növləri, 486-sı (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-olimpiya idman növləri üzrə olub.
2012-ci ildə 735 medal (255 qızıl, 244 gümüş, 236 bürünc) əldə edilib.
2003-2013-cü illərdə isə müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya, birincilik, dünya və Avropa kuboku uğrunda yarışlarda ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal qazanılıb.
Məlumatda qeyd edilir ki, 2013-cü ilin 6-17 iyul tarixlərində Beynəlxalq Universitet İdmanı Federasiyası tərəfindən Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında ölkəmiz tarixi uğura imza atıb. Universiadada ölkəmiz 78 idmançı ilə təmsil olunub. Yarışlar 27 idman növündə keçirilib və respublikamızın tələbə-idmançıları 12 idman növündə, o cümlədən şahmat, atletika, ağır atletika, cüdo, boks, sambo, kəmər güləşi, idman gimnastikası, qılıncoynatma, sərbəst güləş (kişilər), sərbəst güləş (qadınlar) və yunan-roma güləşi üzrə iştirak ediblər. Komandamız 8 idman növündə 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanmaqla ümumkomanda hesabında 162 ölkə arasında 15-ci yerə layiq görülüb.
Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında əhalisinin sayına görə bizdən dəfələrlə böyük olan islam dövlətləri arasında Azərbaycan 1-ci, MDB ölkələri arasında 4-cü, Avropa ölkələri arasında isə 9-cu yeri tutub.
III İslam Həmrəyliyi Oyunları 22 sentyabr-01 oktyabr 2013-cü il tarixlərində İndoneziyanın Palembanq şəhərində 13 idman növü üzrə keçirilib. Oyunlarda 3 qitənin 46 ölkəsi 1586 idmançı ilə təmsil olunub. Azərbaycan komandası 9 idman növü üzrə 53 idmançı ilə təmsil olunub və 7 idman növündə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo və uşu) 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) komanda hesabında 7-ci yer tutub.
2013-cü ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 298 respublika yarışları (2012-ci ildə 150 yarış) təşkil edilib, 57 beynəlxalq yarış (2012-ci ildə 35 yarış) keçirilib. Xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq yarışlarda isə (2012-ci ildə 250 yarış) ölkə yığma komandalarının iştirakı təmin olunub.
2014-cü ildə Bədii gimnastika üzrə Avropa çempionatı (15-17 iyun 2014-cü il), Yeniyetmələrin II Olimpiya Oyunlarına (Çin Xalq Respublikası, 16-28 avqust 2014-cü il) Avropa üzrə seçim turniri, 2015-ci ildə ilk dəfə I Avropa Oyunları və şahmat üzrə Dünya kuboku, 2016-cü ildə Ümumdünya şahmat Olimpiadası, 2017-cü ildə IV İslam Həmrəyliyi Oyunları və s. möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Müstəqillik dövründə respublikamızın şəhər və rayonlarında 22-si Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilməklə, ümumilikdə 40 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib ki, bundan da 5-i cari ilin payına düşür. Göygöl Olimpiya İdman Kompleksinin və Daşkəsən rayonunda “Gənclər üçün təlim və istirahət mərkəzi”nin tikintisi başa çatdırılıb. Abşeron, Ağcabədi, Yardımlı OİK-nin tikintisi və Lənkəran OİK-in yenidən qurulması işləri davam etdirilir. Goranboy, Neftçala, Tərtər Olimpiya İdman komplekslərinin, Qala qəsəbəsində isə idman kompleksinin tikintisinin layihə-smeta sənədləri hazırlanır və yaxın zamanlarda tikintiyə hazırlıq işlərinə başlanılacaq. Bunlarla yanaşı, Yevlax şəhərində OİK-in tikintisinin ilkin layihə sənədlərinin hazırlanmasına başlanılıb.
Hazırda Bakı şəhərində muasir standartlara uyğun beynəlxalq yarışların, o cümlədən 2015-ci ildə 1-ci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verəcək Gimnastika Kompleksinin, idmançılara tibbi xidmətlər göstərəcək Respublika İdman Tibb Mərkəzinin, Su İdman Sarayının, 65 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunun tikintisi işləri, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin və Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmir işləri aparılır.